Son həftələrdə çıxmış satınalma sferasına dair elanlarda müşahidələrimizi və tövsiyələrimizi daha əvvəlki postlarımızda yazmışdıq. Bu həftəki iş elanlara dair tövsiyələrimizi ümumiləşdirilmiş şəkildə vermək qərarına gəldik. Elanlarda müşahidə olunan çatışmazlıqlara dair subyektiv qeydlərimiz aşağıdakı kimidir:
- Elanların ingilis və ya rus dilində olmasının aşağıdakı məqsədlərdən biri və ya bir neçəsi olduğu güman edilir, lakin bu məqsədlərin heç biri düzgün namizədin seçilməsinə əsas deyil hətta dilə hörmətsizlik kimi başa düşülür. Nəyə görə bu məqsədin effektsiz olmasını müvafiq məqsədin qarşısında qeyd edirik. - Daha çox insan kütləsinə çatması [elanların 99% yerli işçilər üçün olur (xariciyə bu maaşda bu şərtlərdə iş heç vaxt cəlbedici olmaz) və yerli əhalinin böyük bir qisminin azərbaycan dilində başa düşür], - İşə qəbul olmaq istənilən namizədlərin bir növ bu dillə sınağa çəkilməsi [iş axtaranlarn əksəriyyəti nəyinki çox vaxt bu elanları detallı oxumur özlərinə birbaşa maraqlı olan hissələri də Google Translate kimi saytlardan asanlıqla tərcümə etdirə bilərlər], - "Səviyyəli", peşəkar/professional ("cool") görünməsi/səslənməsi [əksər hallarda əsl səbəb elə bu olur, bunun isə mənasız bir şey olduğunu xüsusi olaraq açıqlanmasına ehtiyac yoxdur]
Digər məsələ elanlarda tələblərin düzgün qoyulmaması, lazımından artıq öhdəliklərin qoyulması, açıq-aşkar əmək məcəlləsinə zidd tələblərin qoyulması və ya çox məhdud məlumatların verilməsidir. Bütün elanlar təbii ki, belə deyil, normal elanlar da az deyil. Heç olmasa yeni elan vermək istəyənlər bu sektordan başı çıxmayanlar internetdə bir araşdırma edib "copy-paste" edərək adaptasiya etsələr bu qədər anormal elanlar ortaya çıxmaz. Bu həftəlik elanların birində Providence Doytch Limited firması namizədlərin CV-lərinə şəkillərini qoymasını bunu etməyənlərin CV-lərinə baxılmayacağını bildirib. Bu açıq-aşkar diskriminasiya xarakteri daşıyır, bu tələb hansısa satış, reklam agentliyi elanında olsa başa düşülən olardı ancaq bu tip elanlarda bu hec cür qəbul edilən deyil və elanda işçinin işdən başqa məqsədlərdə axtarıldığının da işarəsini verir.
Əmək haqqı məsələsi də ənənəvi hələ ki həll olunmayan problemlər içindədir. Ən çox rüşvət üçün zəminin olduğu satınalma sferasında bəzi sahibkarların maaşları 500 AZN civarında qoyması toyuğu buğda tarlasına buraxıb qabağına 2 dənə buğda atmağa bənzəyir. Bu maaşa gələnlərdən də başqa bir şey gözləmək olmaz..
Qeyd olunan iş elanlarından aşağıdakı 2 elan diqqətimizi çəkdi: BestComp Group - Kontraktlar üzrə mütəxəssis Industrial Supply & Services Co. - Procurement & Sales Representative
1-ci elanda "Müqavilələr" üzrə mütəxəssisin iş öhdəlikləri həddindən artıq ixtisar olunub, yox dərəcəsindədir. Adətən iş elanının mətni sonradan əmək müqaviləsinin tərkib hissəsi olan "İş öhdəlikləri"ni (job descriptions) təşkil edir, bu sənəd kifayət qədər detallı və müfəssəl hazırlanmalıdır. Öhdəliklərin birinci maddəsi lap "maraqlı" gəldi "Müqavilələrin oxunması" deyəsən ilk tələb namizədin oxuma-yazma qabiliyyətinin olmasıdır
2-ci elanda isə SATINALMA və SATIŞ kimi bir-birinə ziddi olan iki funksiyanın bir vəzifədə birləşdirilməsi maraqlı gəldi. Pulun gəldiyi yerin "satış", getdiyi yerin "satınalma" olduğunu nəzərə alsaq alan və satanın 1 əldə toplanması saxtakarlıq (fraud) ehtimallarını artırdığı üçün bu dövr iki hissəyə ayrılır. Digər tərəfdən alış yanaşması (psixologiyasl) ilə satış yanaşması tamamilə zidd olduğu üçün hər iki işi bir adam icra etdikdə ikili şəxsiyyət (bax: bipolyar pozuntu / bipolar disorder) sindromuna səbəb olur.
P.S. 3-cüsü də varmış Boulevard Hotel Baku, Autograph Collection təchizatçının öhdəliklərindən birinin "Şöbənin təmiz və səliqəli saxlanılmasını təmin etmək" olduğunu düşünür, artıq şərhə ehtiyac yoxdur
Comments