Başlığı Azərbaycan kino tarixində özünəməxsus yeri olan məhşur "Onu bağışlamaq olarmı?" filminin adından və 1 aprel aldatma günündən ilhamlanaraq formalaşdırılan bu məqalədə "Etibarsız təchizatçıdır yoxsa satınalan?" sualı cavablandırılmağa çalışılaraq bu prosesdə tərəflərin istifadə etdiyi təminatlar, cərimələr və s. kimi sığorta alətlərindən bəhs edilib.
Təchizatçı ilə satınalan münasibətləri satınalma və müqavilə mərhələsinə bölsək hər mərhələdə tərəflərin özünü sığortalamaq üçün müxtəlif alətləri olur.
SİFARİŞÇİ
Ənənəvi olaraq bazarda pulu verən sifarişçi olduğu üçün satınalma prosesində öz pulunu sığortalamaq üçün müxtəlif alətlərdən istifadə edir. Xüsusilə satınalma mərhələsində satınalan təchizatçını bir neçə yöndən yoxlamaqla yanaşı müəyyən alətlərlə bu prosesdə təchizatçıları süzgəcdən keçirərək ən uyğununu tapmağa çalışmaqla gələcək risklərini minimallaşdırmağa çalışır.
Bu məqsədlə istifadə edilən alətlərdən ilki çox vaxt yanlış olaraq istifadə olunsa da iştirak haqqıdır. Belə ki, dövlət satınalmalarında iştirak haqqı məcburi olsa da özəl təşkilatlar tərəfindən keçirilən satınalmalarda iştirak haqqı şirkətin seçimindən asılı olaraq tətbiq edilir və burda məqsəd daha çox qeyri-ciddi təchizatçıların gözünü qorxutmaqdır. Çünki düşünülür ki, kimsə buna görə ödəniş edirsə deməli niyyəti ciddidir. Ancaq bu faktor normal təchizatçıları da iştirak etməkdən çəkindirə və nəticədə rəqabətliliyi aşağı sala bilər.
Satınalma zamanı əsas istifadə olunan alət isə təklif təminatıdır (bid security). Bu alət loru dildə yazsaq "beh" funksiyası görərək təchizatçıları daha məsuliyyətli olmağa sövq edir, məsuliyyətsiz təchizatçıları isə cəzalandırır. Təminatın məbləği beynəlxalq praktikada ehtimal olunan qiymətin 1-3 faiz aralığında olub əvvəldən şərtlər toplusunda qeyd edilsə də, yerli qanunvericiliyə görə təklifin ümumi qiymətinin 1 faizi olaraq müəyyən edilib. Təminat beynəlxalq praktikada təklifin qüvvədə olduğu müddətdən əlavə 28 təqvim günü, yerli qanunvericilikdə isə əlavə 30 bank günü qüvvədə olması tələb olunur. Təəssüf ki bəzi satınalan təşkilatlar təminatın geri alınmaz (irrevocable) və şərtsiz (unconditional) olmasından istifadə edib təchizatçının "tələyə salıb" haqsız yerə bu vəsaiti mənimsəyirlər.
Təminat alınması da təchizatçını müəyyən xərcə saldığı üçün iştirak haqqı kimi bəzən iştirak faizini azaldır. Təklif təminatının "xərcsiz alternativi" isə Azərbaycanda çox istifadə olunmasa da təklif bəyannaməsidir (bid declaration). Bu alətin təklif təminatından əsas fərqi bu bəyannaməni təchizatçı bankdan yox özü verir və sözünü tutmamağa görə əsas cərimə təchizatçının satınalan təşkilatda etibarsız təchizatçıs siyahısında - qara siyahıya (blacklist) düşməsidir.
Müqavilə bağlandıqdan sonra isə təklifin təminatının gördüyü funksiyanı müqavilənin yerinə yetirilməsi təminatı - icra təminatı (performance security) görür. Bu təminat beynəlxalq praktikada adətən 10% olsa da, mövcud satınalma qanunvericiliyində 2-5% aralığında müəyyən olunub. Bu təminatın isə müqavilənin icra müddəti + texniki təminat (12 aydan çox olmamaqla) + beynəlxalq praktikada 28 təqvim günü, yerli qanunvericiliyə görə 30 bank günü qüvvədə olması tələb olunur. Bundan başqa sifarişçi müqavilədə gecikməyə görə gecikməyə görə cərimə (delay damages), dəymiş zərərə görə cərimə (liquidated damages), ödənişdən tutulma (deduction), ödənişin gecikdirilməsi (delayed payment) və sığorta (insurance - baxmayaraq ki bunun xərcini sifarişçi çəkir) kimi ənənəvi alətlərdən də istifadə edə bilir.
TƏCHİZATÇI
Göründüyü kimi satınalan təşkilatı sığortalamaq üçün kifayət qədər alətlər olduğu halda təchizatçı üçün bunu demək çətindir. Ancaq bu o demək deyil ki, təchizatçının heç bir müdafiə mexanizmi yoxdur.
Müqavilə bağlanana kimi, yəni satınalma zamanı bir çox halda təchizatçının qoruyan effektiv mexanizm olmur. Xüsusilə satınalan təşkilatın düzgün şikayətlərə baxılma (complaint handling) proseduru yoxdursa (="Get hara şikayət edirsən elə") satınalan təşkilat əsassız yerə təchizatçını kənarlaşdıra, təklifi uyğun olduğu halda qalib elan etməyə və ya nəticə istədiyi kimi olmayanda satınalmanı ləğv edə bilir. Belə təşkilatlara qarşı təchizatçıların eləyə bildikləri ən effektiv tədbir onların satınalmalarını risklərini sığortalamaq üçün təklif məbləğini artırmaq, yüksək avans, tez-tez ödəniş (interim payment certificate) şərti tələb etmək və bu mexanizmlər də çarə olmadıqda belə təşkilatların satınalmalarını boykot edib iştirak etməməkdir. Yalnız Dünya Bankı, Asiya İnkişaf Bankı kimi inkişaf banklarının maliyyələşdirdiyi beynəlxalq layihələrdə vəsaiti ödəyən tərəf bank olduğu, vəsaitin ödənilməsinə bank zamin durduğu və ən əsası effektiv neytral şikayət mexanizmi olduğu üçün təchizatçı belə hallardan sığortalanmış olur.
Müqavilə bağlandığı zaman isə sifarişçidə olduğu kimi dostca razılıq (amicable settlement) olmasa məhkəmə yolu (Azərbaycanda bir az çətindir...) ilə ödənişin gecikdirilməsinə görə cərimə və dəymiş zərərə görə kompensasiya əldə bilirlər.
Təchizatçının edə biləcəyi digər effektiv həll isə ödəniş gecikdirildiyi halda işlərin icrasının müvəqqəti dayandırılması, dayanma uzunmüddəti olduğu zaman isə demobilizasiya edib təkrar ödəniş olduqda bu xərcləri də tələb etməklə yenidən işə başlamaqdır.
Azərbaycanda tətbiq edilməyən ancaq FIDIC müqavilələrində qeyd olunan maraqlı mexanizm isə maliyyələşmə xərcidir (financing cost?). Belə ki, sifarişçi ödənişi gecikdirdikdə təchizatçı gecikdirilən məbləği kredit kimi bankdan alıb sifarişçidən ödənilməli olan məbləğdən əlavə bank xərclərini və faiz ödənişlərini tələb edə bilir.
NƏTİCƏ
Bəzən satınalan təşkilatlar şikayətlənir ki, "hər şeyi şəffaf edirik hamıya bərabər imkan yaradırıq amma iştirak edən olmur yenə". Uzun müddət qeyri-şəffaf yollarla satınalma edən təşkilat özünə sərf edəndə və ya komanda dəyişəndə şəffaflıq göstərib təchizatçıdan dürüstlük tələb etməklə bu etimadı qısa müddətdə qazanmaq mümkün deyil. Bu etimadı qazanıb onu maraqlara qurban verəndən sonra isə əvvəlki reputasiyanı qazanmaq ümumiyyətlə çox vaxt alır.
Uaren Bafetin sitatı ilə sonlandırmaq yerinə düşər burda: "Reputasiya qazanmaq üçün 20 il, onu məhv etmək üçün isə beş dəqiqə lazımdır. Bu barədə düşünsəniz, hər şeyi başqa cür edərsiniz".
Comments