Rəqabətcil satınalmanın aparılmasının təməl prinsiplərinin lazımi keyfiyyətdə məhsulu, düzgün təchizatçıdan, məqbul qiymətə, münasib vaxtda, tələb olunan miqdarda alaraq istənilən yerə çatdırmaq olduğunu deyəsən bir çox müəssisə (xüsusilə də dövlət müəssisələri) hələ də başa düşə bilməyib. Karikaturada təsvir edildiyi kimi toyuq özü istehsal etməli olduğu yumurtanı vasitəçi olan dovşandan alması kimi satınalmalar həyata keçirilməməlidir. Oxşar tip satınalma ilə bu yaxınlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı tenderdə qarşılaşdım. Komitənin öz əsasnaməsində onun əsas vəzifələri (8.1. öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;) kimi göstərilmiş işlərin (məs. Lot 7: Uşaqların cəmiyyətə inteqrasiya olunması, qadınların nigah hüququ müvzusunda tədbir, uşaq hüquqlarının təbliği, məlumat bankının saxlanması, sağlam həyat tərzinin təbliği, milli mənəvi dəyərlərin təbliği, erkən nigahlara qarşı marifləndirmə işləri) tender keçirilərək alınması heç bir məntiqə sığmır. Əgər dövlətin hər hansı bir müəssisəsi bu tip işləri elə tender ilə ala bilərdisə onda bu komitəyə nə ehtiyac var idi ki?! Komitə elə qurularkən bu kimi fəaliyyətləri özü keçirə bilmək üçün həm işçi heyət həm də müvafiq avadanlıqlar ilə təchiz edilməli idi. Komitə uzaqbaşı bu tədbirlər zamanı istifadə olunacaq məs. nəşriyyat işlərini, reklam xidmətlərini və s. satın ala bilərdilər, lakin çox böyük ehtimal onlar rahatlıq olsun deyə işi ümumiləşdirib hazır bir təşkilata (???) "veriblər" ki onlardan nağdlaşdırıb xərcləsinlər lazımi (və lazımsız) yerə. Belə təyinatlı satınalmanın özü yanlışdır birmənalı olaraq. Qanunu düzgün analiz edə bilən satınalmaçı belə satınalma heç vaxt keçirməz.
Bu tip hər işi sərfəli qiyməltərlə birbaşa "görə bilən" hərtərəfli-hərşeyşünas müəssisələrin mövcud olması demək olar mümkünsüzdür. Böyük şirkətlərin əsas fəaliyyət sahəsi olmadıqları xırda işləri bu sahədə ixtisaslaşmış 3-cü şirkətlərə verərək (outsource) qənaət etməyə çalışması bunun ən bariz nümunəsidir.
Bu baxımdan satınalma predmeti elə təyin olunmalıdır ki, hər bir kateroqoriya üzrə işlər yalnız və yalnız bu sahədə ixtisaslaşmış bir neçə REAL şirkət arasında müsabiqə yolu ilə seçilə bilinsin. Məsələn həm təmizlik xidmətləri, həm məişət avadanlıqlarının alışı, həm də tikinti işlərini bir lotda tenderə çıxarmaq əsla sərfəli deyil. Bu tip işlərin hamısını elədiyini iddia edən şirkətlər də bu işlər üzrə ixtisaslaşmış ayrı-ayrı şirkətləri cəlb edərək onların təkliflərinə əlavə öz marjalarını qoyaraq qiymət təklifi verirlər bu da son nəticədə qiymətləri kəskin şişirdir.
Ümumiyyətlə dövlət büdcəsindən və ya dövlətin payı 30%-dən çox olan təşkilatın 5000 manatdan çox olan (bu məbləği keçməmək üçün oxşar işlərin bölünməsinə yol verilmir) bütün satınalmaları/xərcləmələri cari Qanun ilə tənzimlənir. Lakin təbiidir ki, hər bir alışı mütləq rəqabətcil satınalma ilə keçirilməsi hər zaman mümkün olmur. Bu kimi hallarda bir mənbədən alış üçün müvafiq quruma müraciət edilərək əsaslandırmaq şərti ilə istisna edilməlidir nəyinki formal olaraq satınalma keçirmək. Belə istisnalar zamanı da suiistifadə halları ehtimalı artdığı üçün həm buna icazə verən qurum diqqətli və məsuliyyətli yanaşmalı, həm də hesablama palatası yoxlamalar zamanı bu kimi vəziyyətləri ciddi yoxlamalıdır.
Satınalan qurumlar isə bu kimi halları bəhanə edib əsaslı səbəbləri də əsassıza qatıb yeri gəldi gəlmədi hər iş üçün bir mənbədən alış üçün müraciət etməməlidir. Hər alış üçün satınalma qanununu tətbiq etmək məcburiyyətində qalmamaq üçün yaxşı olar ki, ən çox vəsait sərf edilən təbii dövlət monopoliyasında olan işlər üçün real bazar araşıdrması apararaq tariflər və limitlər təyin edilsin (və mütəmadi yenilənsin). Və ya əgər dövlət müəssisəsi onun səlahiyyətində olan işləri birbaşa özü icra etmək imkanları olmadığı zaman bu səlahiyyət/öhdəlik onlardan alınıb müsabiqə yolu ilə qeyri-hökumət təşkilatlarına və ya özəl müəssisələr verilsin ki, həm vasitəçilər və bürokratiya azalsın həm də dövlət vəsaitinə qənaət edilsin (bu kimi müəssisələrin ştatdakı işçilərinin və onların inzibati xərclərini azaldaraq).
Comments